Avropa İttifaqında əsas vəzifələrə təyinatlar məsələsində mübahisələr davam edir
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də fikirləri parçalanmış və yorulmuş Avropa İttifaqı ölkələrinin liderləri arasında əsas vəzifələrə təyinatlar məsələsində mübahisələr davam edib. Brüsseldə keçirilən sammitdə 28 ölkənin liderləri bu problem ətrafında ümumi məxrəcə gəlməyə çalışırlar.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Aİ ölkələrinin liderləri beş əsas vəzifəyə təyinatlarda regional maraqların nəzərə alınmasını istəyirlər. Bundan başqa, İtaliyanın Baş Naziri Cüzeppe Konte başda olmaqla liderlərin bir qrupu yüksək vəzifələrdə qadınların daha çox təmsil olunmasını təklif edir. Almaniyanın federal kansleri Angela Merkel isə söyləyib ki, hər bir ölkə öz ambisiyalarından bir addım geri çəkilməlidir. O əlavə edib ki, belə olan təqdirdə ümumi konsensus əldə etmək mümkündür.
Sammitdə Şərqi Avropa ölkələrindən mühafizəkar müxalifət və mərkəz-sağçı liderlər, o cümlədən Xorvatiya və İrlandiya sosialistləri əngəlləməyə çalışırlar. İspaniyanın sosialist Baş Naziri Pedro Sançez isə onların əleyhinə çıxış edir.
Aİ-nin büdcəyə nəzarət məsələləri ilə məşğul olan Avropa Komissiyasına sədrlik ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Niderlandlı Timmermanın namizədliyi irəli sürülsə də, Macarıstan, Polşa, Çexiya və Slovakiya rəhbərləri bunun tərəfdarı deyillər. ABŞ-ın Aİ ölkələrindən idxal etdiyi mallara əlavə rüsumlar tətbiq etməsi, Çinlə olan ticari ixtilaflar, İranın nüvə proqramı ilə əlaqədar vəziyyətin gərginləşməsi və digər çağırışlar fonunda Aİ rəhbərlərinin təyinatının gecikməsi o qədər də yaxşı hal kimi qiymətləndirilmir. Brüsseldə rəhbər vəzifələrə namizədliyi irəli sürülən qadınlar arasında isə Almaniyanın Müdafiə naziri Ursula fon der Leyenin, Dünya Bankının bolqarıstanlı icraçı direktoru Kristalina Georgiyevanın və danimarkalı siyasətçi Marqret Festaqerin adı çəkilir.