AVROPA KOMİSSİYASININ SƏDRİ JOZE MANUEL BARROZUNUN BƏYANATI
Prezident İlham Əliyevi ilk dəfə Brüsseldə salamlamaqdan böyük məmnunluq hissi duyuram. Biz indicə Prezident İlham Əliyevlə birlikdə Azərbaycan və Avropa İttifaqı arasında enerji tərəfdaşlığına dair anlaşma memorandumunu imzaladıq. Bu memorandum Komissiyanın davamlı enerji təhlükəsizliyinin təminatı strategiyasının bir nəticəsidir. Bu strategiyada enerji sektorunda əsas neft ixrac edən və tranzit ölkələr arasında əlaqələrin genişləndirilməsinə xüsusi diqqət verilir. Bu anlaşma memorandumunun icrası Azərbaycanın Avropa İttifaqının enerji bazarlarına daha tez inteqrasiyasına kömək edəcəkdir. Xəzər hövzəsindən enerji daşıyıcılarının nəqli nəticəsində Avropa İttifaqının enerji təhlükəsizliyi daha da güclənəcəkdir. Eləcə də bu, Azərbaycanda enerjiyə olan tələbatın daha səmərəli şəkildə idarəedilməsi sisteminin yaradılmasına və təcrübə mübadiləsinə imkan verəcəkdir.
Mən bir fikri xüsusi vurğulamaq istəyirəm ki, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Xəzər hövzəsindən nəql olunacaq enerji daşıyıcıları böyük rol oynayacaqdır. Biz buna görə Azərbaycana minnətdarıq. Yəni Azərbaycan enerji sahəsində Avropa İttifaqı ilə daha yaxından əməkdaşlıq edəcəkdir.
Eləcə də məmnunluq hissi ilə qeyd edirik ki, Azərbaycan Avropa İttifaqının qonşuluq siyasətinə daxil olub və bu, ölkədə sabitliyə və rifaha öz töhfəsini verəcəkdir.
Təbii ki, enerji və iqtisadi sahədə əməkdaşlıq çox vacib məsələlərdir.
Lakin Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq təkcə bununla məhdudlaşmır. Avropanın yeni qonşuluq siyasəti daha genişdir. Biz demokratiya, idarəçilik, azadlıq və insan hüquqlarının qorunması kimi ümumi dəyərlərə əsaslanaraq irəli getmək niyyətindəyik. Mən bu məsələlərlə, o cümlədən Azərbaycan mətbuatında söz azadlığı ilə bağlı bəzi məlumatları Azərbaycan Prezidenti ilə hərtərəfli müzakirə etdim. Əminəm ki, cənab Prezident bu barədə sizə əlavə məlumat verəcəkdir.
Biz Azərbaycanla güclü və hərtərəfli münasibətlərin yaradılmasında maraqlıyıq. Təbii ki, islahatlar sahəsində Azərbaycana yardım etməyə hazırıq və bu barədə də fikir mübadiləsi apardıq. Mən çox məmnunluq hissi ilə vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidentinin fikrincə, islahatlar yalnız iqtisadi yox, siyasi sahədə də aparılmalıdır.
Biz Azərbaycana neft və qaz hasilatından gələn gəlirlərin şəffaf şəkildə idarə olunması və iqtisadiyyatın davamlı şəkildə inkişaf etdirilməsi sahəsində də yardım göstərməyə hazırıq. Azərbaycan çətin dövrlərini yaşayarkən Avropa Birliyi ona 400 milyon avrodan artıq məbləğdə yardım göstərmişdir. Amma indi Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Mən böyük məmnunluq hissi ilə demək istəyirəm ki, bu gün Azərbaycan və Azərbaycan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı maraqlara və ümumi dəyərlərə əsaslanan münasibətlərin inkişaf etməsini istəyir.
Cənab Prezident, Brüsselə gəldiyinizə görə, təşəkkür edirəm.