AVROPA–QAFQAZ–ASİYA NƏQLİYYAT DƏHLİZİ İLƏ BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR
Azərbaycan Baş nazirinin müavini Abid Şərifovun, Bolqarıstan Baş nazirinin müavini, nəqliyyat və komunikasiya naziri Nikolay Vasilyevin, Avropa Komissiyası Beynəlxalq Münasibətlər Direktorluğunun müşaviri Stefano di Karanın iştirak etdikləri iclasda Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin 2005-2010-cu illərdə inkişaf strategiyası layihəsi, Əsas çoxtərəfli sazişin iştirakçısı olan ölkələrin hökumətləri arasında TRASEKA Hökumətlərarası Komissiyası Daimi Katibliyinin birgə maliyyələşdirilməsi və Daimi Katibliyin 2005-ci il üçün büdcə layihələri razılaşdırılmışdır.
Bundan əlavə, bu ilin sentyabrında başlanmış “Ticarətə kömək və institusional dəstək” layihəsinin təqdimatı keçirilmiş, habelə “Tranzit daşımalar üçün ümumi hüquqi baza” cari layihəsi məsləhətçiləri tərəfindən hazırlanmış TRASEKA-nın sənaye-məsləhət şurası konsepsiyası da təqdim olunmuşdur.
Avropa Komissiyasının nümayəndəsi Efstasios Dalamanqas yaxın vaxtlarda hazırlanması və gerçəkləşdirilməsi nəzərdə tutulan layihələr haqqında məlumat vermişdir.
Daimi Katibliyin birgə iclası ilə yanaşı, hüquqi məsələlər üzrə İşçi qrupunun iclası da keçirilmiş, Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafına dair əsas çoxtərəfli sazişə Texniki əlavələr və digər dəyişikliklər layihələrinin razılaşdırılması davam etdirilmişdir.