Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Dövlət Neft Fondunun rəhbərliyi ilə görüşüb
Bakı, 13 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Neft Fondunda (ARDNF) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti xanım Odile Renaud-Bassonun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti ilə görüş keçirilib.
ARDNF-dən AZƏRTAC-a bildirilib ki, işgüzar görüş çərçivəsində Fondun gerçəkləşdirdiyi investisiya siyasəti və investisiya portfelinin başlıca istiqamətləri, ölkədə makro-iqtisadi sabitliyin təmin olunmasında Fondun rolu barədə geniş məlumat verilib.
Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov çıxışında Azərbaycan Respublikasının 2022-2026-cı illəri əhatə edən Sosial-iqtisadi İnkişaf Strategiyasının əsas hədəflərindən bəhs edərkən, ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatları ilə bu istiqamətdə davamlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, AYİB-in ölkə iqtisadiyyatının diversifikasiyası yolunda maliyyələşdirdiyi orta və uzunmüddətli layihələri yüksək qiymətləndirib.
Görüş zamanı xanım Odile Renaud-Basson təmsil etdiyi təşkilatın Azərbaycandakı gələcək fəaliyyət planları və qurumlar arasında potensial əməkdaşlıq istiqamətləri barədə fikirlərini səsləndirib.