DÜNYA
Avstraliya hökuməti koronavirusa görə tətbiq olunan karantini mərhələlərlə aradan qaldıracaq
Tokio, 8 may, AZƏRTAC
Avstraliya hökuməti koronavirusa görə tətbiq olunan karantinin mərhələlərlə aradan qaldırılacağı barədə planını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 8-də “Sidney Morning Herald” qəzeti məlumat yayıb.
Qəzet Baş Nazir Skott Morrisona istinadla bildirib ki, Avstraliyada karantinin aradan qaldırılması üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə eyni vaxtda 10 nəfər müştəridən artıq qəbul etməyən restoran və kafelərin fəaliyyəti bərpa olunacaq. Fərdi evlərin sahibləri isə beş nəfərədək qonaq qəbul edə bilərlər. Dəfn mərasimləri zamanı 30 nəfərin, toy şənliyində isə 10 nəfərin iştirakına icazə veriləcək.
İkinci mərhələdə kinoteatrlar və gözəllik salonları açılacaq. Kütləvi tədbirlərdə isə 20 nəfərin iştirakına icazə veriləcək.
Son mərhələdə 100 nəfərədək insanın bir yerə toplanmasına, gecə klublarının, ştatlar arasında sərhədlərin tam açılmasına, həmçinin Yeni Zelandiyaya səfərlərə icazə veriləcək.
S.Morrison beynəlxalq səfərlər barədə danışmağın hələ tez olduğunu da qeyd edib.
Hələlik planın həyata keçirilməsi ilə bağlı konkret vaxt elan olunmayıb. Baş Nazirin bildirdiyinə görə, bu məsələ regionlardakı vəziyyətdən asılı olaraq ştatların və digər ərazilərin hökumətləri tərəfindən həll ediləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio