Avstriyanı Bakıda keçiriləcək dünya kuboku yarışlarında iki batutçu təmsil edəcək
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 12-13-də Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışı keçiriləcək. Mötəbər yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, dünya kuboku yarışında iştirak edəcək Avstriya yığma komandasının heyəti açıqlanıb. Yarışda Avstriyanı Qeorq Hopfgartner və Benni Vizani təmsil edəcəklər.
Turnir Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında təşkil olunacaq. Yarışların ilk günü təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək.
Qeyd edək ki, yeni Olimpiya dövründə batut gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifatda müvafiq olaraq 16 və ya 24 iştirakçı olur.
Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.
Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda beşinci dəfə təşkil olunacaq.
Qeyd edək ki, idmansevərlər batut ulduzlarının təqdimatında maraqlı mübarizəni “İdman TV” kanalı vasitəsilə canlı izləyə biləcəklər.
Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.