İQTİSADİYYAT
Avtobus dayanacaqlarındakı monitorlarda yayımlanan məlumatın təsvirində dəyişiklik edilmişdir
Bakı, 10 aprel (AZƏRTAC). Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən avtobus terminallarında yayımlanan məlumatların daha dəqiq və izahlı şəkildə istifadəçilərə çatdırmaq məqsədi ilə avtobusların dayanacağa çatma vaxtı (cari dayanacaqdan əvvəlki iki dayanacağa çatma vaxtı) əvəzinə, onun iki dayanacaq əvvəlki yeri haqqında məlumat təqdim olunur.
NİİM-dən AZƏRTAC-a bildirmişlər ki, avtobus uzaqda olduqda onun cari dayanacağa çatma vaxtı dəqiqələrlə göstərilir. Durduğunuz yerə gözlənilən avtobusun çatmasına iki dayanacaq qalanda isə dəqiqələr qrafik təsvirlə əvəz olunur. Təqdim olunan məlumatda qırmızı dairə ilə istifadəçinin durduğu dayanacaq, sarı kvadratlarla isə əvvəlki 2 dayanacaq təsvir olunur. Yaşıl dairəyə alınmış avtobus nişanı xətdə olan və dayanacağa yaxınlaşacaq avtobusu əks etdirir. Həmin avtobus nişanı real avtobusun hazırda yerləşdiyi nöqtəyə əsasən qrafikdə qeyd olunur və onun yeri avtobusun hərəkətinə uyğun olaraq dəyişir.
Bundan əlavə, terminalın “Avtobus” bölməsində göstərilən marşrutlar üzrə hərəkət edən avtobusların müvafiq olaraq cari vaxtda hansı dayanacaqlara yaxın olduqları da qeyd olunur. Həmçinin, monitorun yuxarı sağ tərəfində seçilmiş marşrutun iş saatları və marşrut xəttinin uzunluğu göstərilir.
Bu dəyişiklik paytaxtda bütün dayanacaqlarda tətbiq olunmuşdur və bununla bağlı təkmilləşdirmə işləri davam etdirilir.