Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bakı, 6 aprel, AZƏRTAC
Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər ötən gün polis orqanları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini N.Məmmədlinin “Chevrolet” markalı avtomobilindən 450 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əliyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan tiryək də aşkarlanıb.
Otuz doqquzuncu polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini K.Abbasovanın “Nissan” markalı avtomobilindən 550 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Taliyə Mustafazadə saxlanılıb.
Avtomobillərdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilindiyinə görə saxlanılan Bakı şəhər sakini Rəvan Abdullayevin ətrafında Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun N.Ələkbərovanın “Ford” markalı avtomobilindən 300 manat pul və kosmetik əşyalar oğurladığı da müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.