“AXA” dünyanın bir nömrəli sığorta brendidir
“AXA MBASK” sığorta şirkətindən AZƏRTAC-a verilən məlumata görə, “Interbrand” Beynəlxalq reytinq agentliyi “AXA” qrupunu “Ən yaxşı qlobal brendlər” reytinqində 53-cü və bütün sahələr üzrə “Ən yaxşı fransız brendləri” reytinqində 5-ci yerə layiq görüb. Brendin dəyəri 14 faiz artaraq 8 milyard 120 milyon ABŞ dollarına çatıb.
“AXA” qrupunun əməliyyat fəaliyyəti üzrə direktoru Veronik Veyl deyib: “Biz, altı il ardıcıl olaraq aparıcı sığorta brendi seçilməyimizlə, eləcə də bütün sahələr üzrə dünyanın 100 ən yaxşı brendindən biri olmağımızla fəxr edirik. “AXA” dünya üzrə müştərilərin, tərəfdaşların və personalın cəlb edilməsi və qorunub saxlanması üçün strateji tərəfdaşdır. Brendimizin güclü tərəfləri sürətlə böyüyən bazarlarda inkişaf etmək istedadı və biznesin rəqəmsallaşmasında rəqabət üstünlüyüdür”.
Veronik Veyl əlavə edib ki, brendin öhdəlikləri sırasına müştərilərin müdafiəsi, sığorta və aktivlərin idarə edilməsi üzrə məsləhətlərin verilməsi, xidmət səviyyəsinin daim yüksəldilməsi, güclü və etibarlı tərəfdaşlıq, böhranlara baxmayaraq ən yüksək etik normalar nümayiş etdirilməsi, risklərin qiymətləndirilməsi və onların qarşısının alınması üzrə təlimlər vasitəsilə cəmiyyətə müsbət təsir göstərilməsi daxildir.
Qeyd edək ki, “AXA” beynəlxalq maliyyə qrupu Azərbaycanda “AXA MBASK” sığorta şirkəti ilə təmsil olunur. Yerli sığorta bazarının liderlərindən olan “AXA MBASK” 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərində “AXA” beynəlxalq standartlarının tətbiqinə başlayıb.