Ayaz Hüseynov: Pandemiyaya baxmayaraq, hazırda hemofiliya pasiyentləri dərmanlarla tam təmin olunur
Bakı, 16 aprel, AZƏRTAC
Ötən ilin ortalarına qədər ölkəmizdə hemofiliyanın yeganə müalicə yeri paytaxt idi. Regionlarda hemofiliyanın müalicəsi mümkün deyildi. 2020-ci ilin əvvəllərində aidiyyəti dövlət qurumlarına təkliflər verdik. Nəticədə ötən ilin ortalarından beynəlxalq təcrübəyə uyğun olaraq dərman preparatlarının regional qan banklarına çatdırılmasına başlanıldı. Hazırda dövlət tərəfindən dərman preparatları regionlara verilir və pasiyentlər onlara yaxın olan qan bankından rahatlıqla dərman preparatını götürə bilirlər. Bu da onların həm sağlamlıq durumunu yüksəldir, həm də pasiyentlərimizin COVID-19-a yoluxma riskini azaldır.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Hemofiliya Günü ərəfəsində “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzinin "Facebook" səhifəsində onlayn formatda yayımlanan brifinqdə Hemofiliya Xəstələrin Respublika Assosiasiyasının (HXRA) sədri Ayaz Hüseynov bildirib.
Onun sözlərinə görə, pandemiya dövründə gecikmələrin olacağı nəzərə alınaraq, bu ilə aid olan dərman preparatları bir neçə ay öncədən sifariş edilib: "Yaxın zamanlarda dərman preparatları Azərbaycana gətiriləcək. Dövlət qurumları da maksimum şəkildə çalışırlar ki, dərman preparatlarının verilməsində boşluq yaranmasın, pasiyentlər dərmansız qalmasınlar. Hazırda pasiyentlər dərmansız deyillər", - deyə A.Hüseynov bildirib.