MƏDƏNİYYƏT
Azad Cəfərli: İşğaldan əvvəl Qarabağda yaşamış soydaşlarımızın şəxsi arxivində olan məlumatlar sayta daxil edilmək üçün toplanılır
Bakı, 7 iyul, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti açıq informasiya strategiyasını prioritet istiqamətlərdən biri kimi öz fəaliyyətinə daxil edib. Bu gündən dövlətin xüsusi bir informasiya resursu kimi fəaliyyətə başlayan heritage.gov.az saytı da Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məqsədilə istifadə olunan alətlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli heritage.gov.az saytının təqdimatı zamanı deyib.
“Təqdimatını keçirdiyimiz portal abidələrin yoxlanılması, onların inventarlaşdırılması prosesini əks etdirir. 3 minə yaxın abidədən 706-sı dövlət qeydiyyatındadır ki, onlar arasında Azıx mağarası, Xudafərin körpüsü dünya əhəmiyyətli abidələr sayılır. Bu abidələrin əvvəlki vəziyyətilə indiki görkəmini dünya ictimaiyyətinə çatdırmaq ən ümdə vəzifəmizdir”, - deyə Azad Cəfərli söyləyib.
Monitorinqlərin bütün ölkə üzrə aparıldığını deyən Azad Cəfərli bildirib ki, müəyyən abidələrin axtarışı əlavə məlumatlar əsasında aparılır. Qeyd edib ki, işğaldan əvvəl Şuşada, Kəlbəcərdə və Qarabağın digər bölgələrində yaşamış soydaşlarımızın şəxsi arxivindəki məlumatlar toplanılır və sayta daxil edilir.