AZƏRBAYCAN, BELARUS VƏ UKRAYNA PREZİDENTLƏRİNİN ÜÇTƏRƏFLİ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 28-də Minskdə, Belarus dövləti başçısının iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin, Belarus Prezidenti Aleksandr Lukaşenkonun və Ukrayna Prezidenti Viktor Yuşşenkonun üçtərəfli görüşü olmuşdur.
Prezidentlər enerji daşıyıcılarının nəqli layihələrinin gerçəkləşdirilməsi, enerji daşıyıcılarının göndərilməsi və emalı, müvafiq infrastrukturun inşası sahəsində üç dövlətin böyük potensialı olduğunu vurğuladılar.
Görüşdə vurğulanmışdır ki, Baltikyanı ölkələrin, Şərqi Avropa ölkələrinin də maraqları daxilində olan bu regional bazar inkişaf etməlidir.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun fikrincə, üç ölkə enerji təhlükəsizliyinin təmin olunması sahəsində sıx əməkdaşlıq etməlidir.
Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, indiki görüş onun bu yaxınlarda Belarusa rəsmi səfəri zamanı yüksək səviyyədə aparılmış danışıqların davamı olaraq keçirilir. Azərbaycan dövlətinin başçısı bütün sahələrdə, o cümlədən energetika sahəsində Belarusla ölkəmiz arasında əməkdaşlığın böyük potensialı olduğunu bildirdi.
Ukrayna Prezidenti Viktor Yuşşenko üç ölkənin ticarət-iqtisadi əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirdi. Onun sözlərinə görə, Ukraynanın Belarus və Azərbaycan ilə əmtəə dövriyyəsi 5 milyard dollarlıq həddi keçmişdir. Viktor Yuşşenko üç ölkənin energetika sahəsində əlaqələrin inkişafını əməkdaşlığın strateji istiqaməti adlandırdı. O dedi ki, Azərbaycan neftinin Belarusun neftayırma zavodlarına nəqli üçün Odessa-Brodı boru kəmərindən istifadə olunması perspektivli layihədir.