SİYASƏT
Azərbaycan-Botsvana əlaqələri müzakirə edilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində fevralın 25-də Botsvana Respublikasının Milli Assambleyasının spikeri xanım Marqaret N. Naşa ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, görüşdə Elmar Məmmədyarov Azərbaycanda gedən inkişaf prosesləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri haqqında məlumat vermişdir.
Nazir parlamentlərarası diplomatiyanın əhəmiyyətini vurğulamış, onun dövlətlərarası əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini söyləmişdir. Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti haqqında məlumat verən xarici siyasət idarəsinin rəhbəri qanunverici orqanın bir sıra ölkələrin parlamentləri ilə əlaqələrinin olduğunu bildirmiş, gələcəkdə bu cür əməkdaşlığın Botsvana Milli Assambleyası ilə də yaradılmasının vacibliyini qeyd etmişdir.
Azərbaycan parlamenti ilə əlaqələrin inkişafına hazır olduqlarını vurğulayan xanım Marqaret N. Naşa ilkin addım kimi iki ölkənin qanunverici orqanları arasında məlumat mübadiləsi prosesi və qarşılıqlı səfərlərin təşkilini təklif etmişdir.
Marqaret N. Naşa Elmar Məmmədyarovu parlamentin iclasında fəxri qonaq kimi iştiraka dəvət etmişdir. İclasda iştirak edən Elmar Məmmədyarov spiker tərəfindən parlament üzvlərinə təqdim olunmuşdur. Marqaret N. Naşa Botsvananın sürətlə inkişaf edən Azərbaycan ilə əlaqələrinin genişlənməsinin əhəmiyyətini vurğulamışdır.