AZƏRBAYCAN CÜDOÇULARI DÜNYA KUBOKU TURNİRİNİN İLK GÜNÜ 7 MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya kuboku turnirinin ilk günü iki qızıl, bir gümüş və dörd bürünc medal qazanmışlar.
Turnirin ilk qalibi məhz Azərbaycan idmançısı olmuşdur. Samir Dadaşzadə (60 kq) finalda gürcüstanlı Betkil Şukvaniyə “ippon” fəndi ilə qalib gələrək dünya kubokunun qızıl medalına sahib çıxmışdır. Bu çəki dərəcəsində Oleksil Poltavtsev (Ukrayna) və Murad Abdullayev (Ukrayna) bürünc medallara layiq görülmüşlər.
Daha bir qızıl medalı 73 kiloqram çəki dərəcəsində yarışan Azərbaycan idmançısı Samir İsmayılov qazanmışdır. O, həlledici görüşdə ukraynalı Vladimir Sorokanı məğlub etmişdir. Bu çəkidə bürünc medallara Tengiz Papoşvili (Gürcüstan) və Aleksey Styauşev (Belarus) sahib çıxmışlar.
66 kiloqram çəki dərəcəsində Azərbaycan cüdoçuları Orxan Dünyamalıyev və Emil Həsənov bürünc medallara layiq görülmüşlər. Çempion isə finalda gürcüstanlı Uça Xutişviliyə qalib gələn rusiyalı Mixail Pulyayev olmuşdur.
Qadınların 48 kiloqram çəki dərəcəsində isə Azərbaycan idmançıları Svetlana Məmmədova gümüş, Giləxanım Ələkbərova isə bürünc medala sahib çıxmışdır. Bu çəki dərəcəsində birinci yeri Ukrayna idmançısı Marina Çernyak tutmuşdur.
52 kiloqram çəki dərəcəsində Olqa Suxa (Ukrayna) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Lyudmila Alparova (Rusiya) gümüş, Lyudmila Afendikova (Ukrayna) və Kubra Tekneçi (Türkiyə) üçüncü olmuşlar.
57 kiloqram çəki dərəcəsində Yunanıstan cüdoçusu Lolietta Bukulava qızıl medal qazanmışdır. O, finalda ukraynalı Anna Nikitinanı məğlub etmişdir. Ukraynalı Alena Sayko və türkiyəli Kudret Engilmez bürünc medala sahib çıxmışlar.
63 kiloqram çəki dərəcəsində isə rusiyalı Ekaterina Onoprienenko birinici olmuşdur. İkinci yeri rusiyalı Alina Puxova, üşüncü yeri isə Azərbaycan idmançısı Gözəl Zutova və ukraynalı Nataliya Malikova tutmuşlar. İdmançılara mükafatları Avropa Cüdo İttifaqının maliyyə və menecment departamentinin direktoru Laslo Tott, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov, Rusiya Cüdo Federasiyasının vitse-prezidenti Anatoli Raxlin və digər rəsmi şəxslər təqdim etmişlər.
Yarışa oktyabrın 12-də yekun vurulacaqdır.
######
![]() |
![]() |

