REGİONLAR
Azərbaycan diasporu dünyanın hər yerində ölkəmizin maraqlarını qoruyur
Qobustan, 30 dekabr, AZƏRTAC
Qobustandakı Gənclər Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi təntənəli surətdə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov iştirakçıları təbrik edərək, ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan və təşkilatlandırılan Azərbaycan diasporunun dünyanın hər yerində ölkəmizin maraqlarını qoruduğunu, müdafiə etdiyini vurğulayıb. Qeyd edib ki, bu gün Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımızın həmrəyliyi, sıx əməkdaşlığı istiqamətində gördüyü prinsipial işlər bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir. Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir.
İcra hakimiyyətinin başçısı çıxışında 2019-cu ildə rayonun sosial-iqtisadi inkişafından danışıb, 2020-ci ildə görüləcək işlər barədə ətraflı məlumat verib.
Təntənəli yığıncaq konsert proqramı ilə davam edib.