AZƏRBAYCAN DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN AÇILIŞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 2-də Dövlət Dəniz Administrasiyasında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Administrasiyanın rəisi Qüdrət Qurbanov ulu öndərimizin həyat və fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Q.Qurbanov ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində hələ sovetlər dönəmində Azərbaycanda dəniz nəqliyyatı kompleksinin sürətlə inkişaf etdirildiyini xüsusi vurğulamış, respublikamızda mükəmməl dəniz nəqliyyatı sisteminin təşəkkülündə ulu öndərin müstəsna xidmətlərini xatırlatmışdır.
Administrasiyanın rəisi bu sahənin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu, 1995-ci ilin mayında Azərbaycan Respublikasının Beynəlxalq Dəniz Təşkilatının tərkibinə daxil olması haqqında qərar qəbul edildiyini bildirmişdir.
Q.Qurbanov vurğulamışdır ki, ötən dövr ərzində Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının dənizdə insan həyatının, dənizçiliyin təhlükəsizliyi, ətraf mühütin mühafizəsi ilə əlaqədar 20-dən çox konvensiyasına qoşulmuşdur.
Ölkəmizin bütün dəniz nəqliyyatı kompleksinin təşəkkülündə ümummilli lider Heydər Əliyevin müstəsna rolundan danışan digər natiqlər Azərbaycanın dəniz donanmasının daha da güclənərək, ölkəmizin beynəlxalq aləmdə sürətlə artan iqtisadi potensialında öz layiqli yerini qoruyub saxlayacağını vurğulamışlar.
Tədbirin ən yaddaqalan hadisəsi administrasiyanın binasında ümummilli lider Heydər Əliyevin büstünün açılışı olmuşdur.
Büstün təntənəli açılışından sonra önünə gül dəstələri qoyulmuşdur.