SİYASƏT
“AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ: DAVAMLI İNKİŞAF” KONFRANSININ İLK YIĞINCAĞI KEÇİRİLMİŞDİR
“Azərbaycan dövlətçiliyi: davamlı inkişaf” konfransı yeni təsisatdır, AMEA-nın İnsan Hüquqları İnstitutu və Azərbaycanda Atatürk Mərkəzinin birgə təşəbbüsü ilə yaradılmışdır. Məqsədi qloballaşma dövründə yeni elmi ideyaların öyrənilməsi və tətbiqinə yardım göstərmək, dünyada baş verən siyasi-iqtisadi, elmi, mənəvi, ekoloji və sair dəyişikliklərə çevik reaksiya vermək, istedadlı alimləri üzə çıxarmaq, Azərbaycan elminin problemlərini, ölkənin dünyaya inteqrasiyası məsələlərini araşdırmaq, tədqiqat işləri üçün yeni intellektual mühit yaratmaqdır.
Yığıncağı AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq yeni elmi diskussiya mərkəzinə uğur arzulamışdır.
Konfransın həmsədri – İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev çıxış edərək qurumun məramı, yeniləşən dünyanın intellektual qüvvələr qarşısında qoyduğu vəzifələr, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və davamlı inkişafında yeni təfəkkür sistemlərinin əhəmiyyəti barədə danışmışdır. O xüsusi vurğulamışdır ki, “şəxsiyyət üstəgəl yüksək peşəkarlıq” düsturu əsasında qurulan və mütərəqqi korporativ maraqlara söykənən texnokratik cəmiyyət yeni dövrün tələbidir. Bu ideyanın daşıyıcısı olan Konfrans Azərbaycanda yeni fikrin, elmi araşdırmaların bələdçisi olacaqdır.
Qurumun digər həmsədri – AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru Nizami Cəfərov öz çıxışında elmdə nəzəri baxışlarda aparılan islahatlar barədə məlumat vermişdir.
İqtisadi elmlər doktoru Natiq Qasımov “Verği xidmətində islahatların növbəti mərhələsi”, texnika elmləri doktoru Eldar Şahbazov “Heydər Əliyev Azərbaycanda neft strategiyasının banisi, İlham Əliyev etibarlı davamçısıdır”, Milli Məclisin deputatı, Ukrayna Beynəlxalq Akademiyasının professoru Vaqif Abdullayev “İlham Əliyev Azərbaycanda davamlı inkişafın təminatçısıdır”, hüquq elmləri namizədi Namiq Əliyev “Azərbaycanda hüquqi islahatlara dair”, filologiya elmləri namizədi Rahid Ulusel “Azərbaycan qloballaşma proseslərinin kontekstində” mövzularında çıxış etmişlər.