Azərbaycan dövləti Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması üçün bütün zəruri addımları atır
Ağdam, 26 fevral (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə çıxış edənlər XX əsrin ən dəhşətli qətliamlarından olan Xocalı faciəsi və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı hərbi cinayət barədə ətraflı məlumat vermişlər. Bildirmişdir ki, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu günlər dünyanın bir sıra ölkələrində faciə ilə bağlı anım tədbirləri keçirilir, Xocalıda törədilmiş soyqırımı, erməni vəhşiliyini sübut edən rəsmlər və plakatlar sərgilənir. Bu istiqamətdə “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər də mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsi olaraq artıq bir sıra ölkələrin parlamentlərində, o cümlədən ABŞ-ın bəzi ştatlarının qanunverici orqanlarında Xocalı faciəsi müzakirə edilmiş, soyqırımı aktını, dinc əhalinin fiziki cəhətdən məhv edilməsi faktlarını pisləyən qətnamə və bəyanatlar qəbul edilmişdir.
Xocalı soyqırımının qan yaddaşımızda əbədi yaşayacağını vurğulayan natiqlər, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizin tezliklə azad ediləcəyinə inandıqlarını bildirmişlər.