REGİONLAR
Azərbaycan ərazisində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır
Bakı, 11 yanvar, AZƏRTAC
2018-ci ilin son ayları və 2019-cu ilin yanvar ayının ilk ongünlüyundə iqlim şəraitinin mülayim keçməsi, yağıntıların məhdud olması respublika ərazisində siçanabənzər gəmiricilərin artması ilə müşayiət edilib.
Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, respublikanın bir çox rayonlarında, o cümlədən Ağdam, Ağcabədi, Qax, Oğuz, Şamaxı, Qobustan, Şəmkir, Şəki, Cəlilabad, İmişli, Zaqatala, Tovuz və Samuxun əkin sahələrində gəmiricilərlə yüksək sirayətlənmə aşkar edilib və bu ərazilərdə lazımi mübarizə tədbirləri həyata keçirilir.
Qeyd edək ki, respublikanın digər rayonlarında da siçanabənzər gəmiricilərlə bağlı müşahidə və mübarizə tədbirləri görülür. Siçanabənzər gəmiricilərlə mübarizə aparılarkən pestisidlərin tətbiqi zamanı təhlükəsizlik qaydalarına riayət olunması barədə maarifləndirmə tədbirləri həyata keçirilir, təsərrüfat subyektlərinin sahibləri təlimatlandırılır.
Ümumilikdə siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə işləri Respublika Bitki Mühafizəsi Mərkəzinin və rayon Dövlət Aqrar İnkişaf mərkəzlərinin mütəxəssislərinin nəzarətindədir.