İDMAN
Azərbaycan gimnastı Oleq Stepkonun 5 medalı! Beşincisi qızıl oldu
Bununla da komandamızın qazandığı qızıl medalların sayı 14-ə çatdı VİDEO
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan bu gün aktivinə 14-cü qızıl medalı yazıb. Növbəti qızıl medalı gimnastımız Oleq Stepko kişilər arasında paralel qollar üzrə yarışda əldə edib. O, 15.733 xal qazanaraq bu yarışda ən yüksək nəticə göstərib.
İkinci yerə 15.700 xalla rusiyalı David Belyavski, üçüncü yerə isə 15.600 xalla Rumıniyalı Marius Berbekar layiq görülüblər.
Oleq Stepko birinci Avropa Oyunlarında Azərbaycan komandasının tərkibində ən çox medal qazanan idmançıdır. O, bu yarışlarda 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.
Beləliklə, indiyədək ümumi hesabda qazandığımız 33 medaldan beşi Oleqin payına düşür.
AZƏRTAC-ın arayışı: Oleq Stepko gəncdir, cəmi 21 yaşı var. Bu yaşda qazandığı nailiyyətlərə çoxları həsəd apara bilər. Birinci Avropa Oyunlarında beş medal qazanmasının özü Oleqin yüksək istedadından xəbər verir.
Oleq Stepko idmanla 5 yaşından məşğul olur. Öz üzərində səylə çalışması, əzmkarlığı uğur qapılarını onun üzünə açır. Oleq Azərbaycan çempionudur. Ötən il dünya kuboku yarışlarında elə paralel qollarda hərəkətlər üzrə bürünc medal qazanıb. Bundan başqa, bu il Qətərdə keçirilən dünya Çellenc kubokunda yenə eyni gimnastika növündə birinci yeri tutub. “Bakı-2015”-də isə paralel qollarda hərəkətlər üzrə Avropanın ən güclüsü olduğunu təsdiqləyib.