İQTİSADİYYAT
Azərbaycan “HALFOOD 2018” Halal Məhsullar Sərgisində təmsil olunub
Moskva, 28 aprel, AZƏRTAC.
Moskvada “HALFOOD 2018” IX Beynəlxalq Halal Məhsullar Sərgisi keçirilib. Halal məhsul və xidmətlər sərgisində Azərbaycan da təmsil olunub.
AZƏRTAC xəbər verir ki, “HALFOOD 2018” sərgisinə dünyanın müxtəlif ölkələrini təmsil edən şirkətlər qatılmışdı. Bu il sərgidə 20-dən çox ölkədən 100-ə yaxın şirkət öz məhsul və xidmətlərini təqdim edib. Sərgi çərçivəsində MDB, Avropa və Asiyadan gəlmiş şirkətlər halal məhsullarını nümayiş etdiriblər.
Sərgidə ölkəmizi Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi təmsil edib. Azərbaycan stendinə yaxınlaşan hər bir iştirakçıya, ölkəmizin ixrac imkanları və investisiya potensialı, Azərbaycan istehsalı olan halal məhsullar, ölkəmizdə turizmin inkişafı və digər sahələr haqqında ətraflı məlumat verilib.
“HALFOOD 2018” sərgisinin ziyarətçiləri “Made in Azərbaycan” brendi altında təqdim olunan Azərbaycan məhsulları ilə maraqla tanış olublar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva