Azərbaycan Hərb Tarixi Muzeyində Milli Qəhrəman Şikar Şikarovun xatirəsi anılıb
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Hərb Tarixi Muzeyində Milli Qəhrəman, polkovnik Şikar Şikarovun vəfatının 30-cu ildönümünə həsr olunmuş “Ordunun dayağı Şikar!” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Azərbaycan Müdafiə Nazirliyinin idarə və müəssisələrinin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri - oğlu Faiq Şikarov, gəlini Elnarə Cəbiyeva, nəvələri, qardaşları və dostları iştirak ediblər.
Anım tədbirində muzey rəisi, polkovnik Əzizağa Qənizadənin qəhrəmanın həyatı və hərbi fəaliyyətinə həsr olunmuş məruzəsi dinlənilib.
Qeyd edilib ki, Şikar Şükür oğlu Şikarov 1953-cü il dekabrın 3-də Bakıda anadan olub. O, hələ Bakı şəhəri Nəsimi rayonundakı 46 nömrəli orta məktəbdə oxuyarkən zabit olmağı arzulayırdı. 1975-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə diplomu ilə bitirən Şikar Şikarov hərbi xidmətini davam etdirmək üçün Rusiya Federasiyasının Primorsk diyarındakı hərbi dairələrdən birinə göndərilib.
1989-cu ildə Frunze adına Moskva Hərbi Akademiyasını uğurla bitirib, Luqansk şəhəri hərbi dairəsindəki alayların birində qərargah rəisi təyin edilib, daha sonra Almaniya Demokratik Respublikasında zabitlər üçün təkmilləşmə kursu keçib.
1990-cı il yanvar hadisələrindən sonra Vətənə qayıtmış gənc zabit Respublika Mülki Müdafiə Qərargahının əməliyyat idarəsinin rəisi vəzifəsində işləməyə başlayıb. 1991-ci ilin sentyabr ayında o, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun layihəsinin hazırlanmasında iştirak etmək üçün respublika parlamentinə dəvət olunub. Ş.Şikarov Azərbaycan Müdafiə Nazirliyinin əsasını qoyanlardan biri olub. Sonrakı dövrdə nazirliyin baş qərargah rəisinin müavini işləyən və praktiki fəaliyyətə üstünlük verən Ş.Şikraov tez-tez cəbhədə olurdu. O, 1992-ci ilin yayında Goranboy rayonunda ordumuzun hücum əməliyyatının hazırlanmasında və keçirilməsində fəal iştirak edib. Sonra o, Ağdərə əməliyyatına rəhbərlik edib. 1992-ci il iyunun 13-də Ağdərə uğrunda gedən ağır döyüşlərin birində həlak olub. Ş.Şikarov Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edilib ki, ölümündən sonra Şikar Şükür oğlu Şikarova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Hazırda Qobustan rayonundakı Sündü kənd tam orta məktəbi onun adını daşıyır.
Sonra Milli Qəhrəman haqqında sənədli film və sərgi nümayiş olunub.
Anım tədbirinin bədii hissəsində Həzi Aslanov adına İdeoloji iş və Mədəniyyət mərkəzinin mahnı və rəqs ansamblının ifasında hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.
Anım tədbiri xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.