“AZƏRBAYCAN: HEYDƏR ƏLİYEVDƏN İLHAM ƏLİYEVƏ” KİTABININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Atatürk Mərkəzində “Çaşoğlu” nəşriyyatının çapdan buraxdığı kitabın təqdimetmə mərasimində Milli Məclisin deputatları iştirak etmişlər. Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərovun və şair-publisist, Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Dəyanət Osmanlının yazdıqları bu kitabda türk dünyasının görkəmli dövlət və siyasi xadimi, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi portretinin səciyyəvi cizgiləri verilmişdir.
Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov mərasimi açaraq, Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövlətinin əbədiliyi, xalqın müdrikcəsinə İlham Əliyevin şəxsində öz yeni Prezidentini - yeni Liderini seçməsindən ötən bir ildə bütün sahələrdə onun fəaliyyətinin uğurlu nəticələri, ölkədə dirçəliş dövrünün yaşanması, Azərbaycanın artan beynəlxalq nüfuzu, indiki inkişaf mərhələsi, Heydər Əliyevin siyasi xəttinin uğurla həyata keçirilməsi kimi məsələlərin kitabda öz əksini tapdığını qeyd etmişdir.
Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, fəlsəfə elmləri doktoru Rəbiyyət Aslanova, Milli Məclisin komissiya sədri Zahid Qaralov çıxış edərək, kitabın böyük siyasi əhəmiyyəti, əxlaqi-mənəvi dəyərləri, ümummilli liderimiz, ulu öndərimiz Heydər Əliyevin dövlət quruculuğu strategiyasını möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirməsi, Azərbaycan xalqının həyatının ildən-ilə daha firavan olması naminə həyata keçirilən islahatların bəhrələri haqqında söhbət açmış, müəlliflərə təşəkkürlərini bildirmişlər.