CƏMİYYƏT
Azərbaycan heyəti Antalyada keçirilən endokrinoloji konfransda təmsil olunur
Antalya, 26 oktyabr, AZƏRTAC
EndoBridge (Endokrinoloqlar arasında körpü) VII Beynəlxalq illik konfransı Türkiyənin Antalya şəhərində keçirilir. Amerika, Avropa və Türkiyə endokrinoloji dərnəkləri tərəfindən təşkil olunan konfrans endikrinologiya - daxili sekresiya vəzlərinin (hormon ifraz edən orqanlar) müayinəsi və müalicəsi məsələlərini müzakirə edir.
Azərbaycanı konfransda Respublika Endokrinologiya Mərkəzinin (REM) direktor müavini, Azərbaycan Endokrinologiya Cəmiyyətinin vitse-prezidenti Babək Salekin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edir.
Azərbaycanın bu konfranslarda iştirakının əhəmiyyətini yüksək dəyərləndirən REM-in direktor müavini Babək Salek AZƏRTAC-a açıqlamasında bildirib ki, əldə olunan təcrübənin respublikamızda tətbiqi, o cümlədən ölkəmizdə endikrinologiya sahəsində qazandığı uğur və nailiyyətlər barədə beynəlxalq tibb ictimaiyyətini məlumatlandırmaq çox faydalı nəticələr verir.
Qeyd edək ki, builki EndoBridge beynəlxalq konfransı dünyanın 20-dən artıq ölkəsindən endikrinologiya üzrə görkəmli alimin mühazirə və təqdimatları nəzərdə tutulub.
Konfrans oktyabrın 27-dək davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya