İQTİSADİYYAT
Azərbaycan ilə Belarus arasında rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 31 mart, Samirə Quliyeva, AZƏRTAC
Martın 31-də rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ölkəmizdə səfərdə olan Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Ölkələrimiz arasında səmimi dostluq müstəvisində davam etdirilən münasibətlərin genişləndiyini bildirən nazir Əli Abbasov bu əlaqələrin dərinləşməsi üçün İKT sahəsində yaradılan imkanlardan, mövcud potensialdan, perspektiv layihələrdən danışıb. Nazir dövlət başçılarının rəsmi səfərlərinin dostluq və qarşılıqlı etimada əsaslanan, strateji tərəfdaşlığa çevrilən Belarus-Azərbaycan münasibətlərinin inkişaf dinamikasında xüsusi yer tutduğunu, bu əlaqələrin bütün sahələrə nüfuz etdiyini deyib.
Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov ölkəsinin Azərbaycan ilə İKT-nin bir çox istiqamətləri üzrə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Əsasən elektron təhlükəsizlik, informasiyalaşdırma, yüksək texnoparklar, kosmik sənaye və digər sahələrdə münasibətlərin inkişafı üçün yüksək potensialın olduğunu deyən S.Popkov yeni innovativ məhsullar üzrə Azərbaycan-Belarus birgə istehsal müəssisələrin təsis edilməsinin də maraq doğurduğunu vurğulayıb.
Görüşdə Azərbaycan bazarında yer almaq istəyən Belarus şirkətlərinin təqdim edəcəyi məhsul və xidmətlər üçün əvvəlcədən sınaq prosedurunun həyata keçirilməsi, keyfiyyət və qiymətlər üzrə analizin aparılması, testin nəticəsi olaraq isə müvafiq qərarın verilməsi məqsədəuyğun sayılıb. Görüşdə maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.