Azərbaycan ilə Gürcüstanın bölgələri arasında əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanlar var
Tbilisi, 28 yanvar, AZƏRTAC
Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq hər iki ölkənin bölgələri arasında əməkdaşlığın daha da genişlənməsinə imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ilə azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili ilə görüşündə səslənib.
Kvemo Kartli regionuna daxil olan rayonların rəhbər şəxslərinin və digər rəsmi şəxslərin də iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Söhbət zamanı regionda mədəniyyət, təhsil, sosial, iqtisadi və digər sahələrdə həyata keçirilən layihələr nəzərdən keçirilib. Hər iki ölkənin bölgələri arasında bütün sahələr üzrə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanların olduğu bildirilib.
Qeyd olunub ki, Azərbaycan ilə Gürcüstan arasında yüksək səviyyədə mövcud olan strateji və dost münasibətlərin daha da dərinləşdirilməsi regional əməkdaşlığın inkişafına təkan verir.
Ş.Rexviaşvili səfirə və onu müşayiət edən nümayəndələrə Kvemo Kartli-Borçalı bölgəsinin inkişaf perspektivləri, mövcud potensial və etnik azlıqların inteqrasiya prosesi barədə ətraflı məlumat verib.
Söhbət zamanı etnik azərbaycanlıların inteqrasiya məsələləri də diqqət mərkəzində olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi