AZƏRBAYCAN İLƏ UKRAYNA ARASINDA İDMAN SAHƏSİNDƏ ƏLAQƏLƏR GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, Ukrayna Ali Radası sədrinin müavini, Ukrayna Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Nikolay Tomenko, Ukrayna Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti, Biatlon Federasiyasının prezidenti Vladimir Brınzak, Ukrayna Milli Olimpiya Komitəsinin Olimpiya Hərəkatının İnkişafı Departamentinin sədri Miroslav Qrabovetski oktyabrın 15-dən Bakıda səfərdədirlər. Qonaqlar səfərin ilk günü ölkəmizdə idman qurğuları ilə yaxından tanış olmaq üçün Bakıdakı bir sıra obyektlərə baş çəkmişlər.
Oktyabrın 16-da qonaqlar Heydər Əliyev adına İdman-Konsert Kompleksində olmuşlar. Sonra Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Ukrayna nümayəndə heyəti ilə görüş olmuşdur. Görüşdən əvvəl qonaqlar MOK-da ölkə idmanının inkişafına həsr olunmuş sərgiyə baxmışlar.
Görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qonaqlara ölkəmizdə olimpiya hərəkatının inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat vermişdir. Ukrayna Ali Radası sədrinin müavini Nikolay Tomenko nümayəndə heyətinin üzvlərini təqdim etmiş, Azərbaycana səfərlərinin prezident seçkiləri ilə bağlı olduğunu bildirmişdir. N.Tomenko seçkilərdə Prezident İlham Əliyevin böyük üstünlüklə qələbə qazanması münasibətilə xalqımızı təbrik etmiş, demişdir ki, Azərbaycan seçiciləri düzgün seçim etmişlər. Əminik ki, qarşıdakı 5 il ərzində də Azərbaycan sabit inkişaf edən ölkə olacaqdır.
Ölkəsində idmanla bağlı görülən işlərdən danışan N.Tomenko, Azərbaycanda idman infrastrukturunun sürətlə inkişaf etdiyindən məmnun qaldığını bildirmişdir. Qonaq demişdir ki, Ukrayna bu sahədə Azərbaycanın təcrübəsindən yararlana bilər.
Ukrayna Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Vladimir Brınzak da prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırmış, Pekin Olimpiadası zamanı “Azərbaycan günü”ndə iştirakını və bundan məmnun qaldığını xatırlatmışdır. O, Azərbaycan idmançılarının Pekin Olimpiadasında yüksək uğurlar qazandığını qeyd etmişdir.
Sonra Çingiz Hüseynzadə və Vladimir Brınzak Azərbaycan Milli Olimpiya Komitəsi ilə Ukrayna Milli Olimpiya Komitəsi arasında bədən tərbiyəsi və idman sahələrində əməkdaşlıq haqqında niyyət protokolu imzalamışlar. Görüşdən sonra ukraynalı qonaqlar Atıcılıq İdman Kompleksi ilə tanış olmuşlar. Müasir standartlara malik olan bu nadir kompleks onlarda xoş təəssürat yaratmışdır.
######
