Azərbaycan memarlığının görkəmli siması: Əcəmi Naxçıvani elmi konfransı
Naxçıvan, 13 may, AZƏRTAC
AMEA Naxçıvan Bölməsində AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə birgə “Azərbaycan memarlığının görkəmli siması: Əcəmi Naxçıvani” mövzusunda respublika elmi konfransı keçirilib.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfransın plenar iclasında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən Möminə xatun türbəsinin bərpası və konservasiyası, həmçinin Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd olunması ilə bağlı imzalanmış sərəncamların əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, bu sənədlər Azərbaycan memarlıq irsinə və milli-mədəni dəyərlərə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Sonra akademik İsmayıl Hacıyev “Əcəmi Naxçıvani: həyatı, mühiti və sənəti” mövzusunda məruzə edib. Məruzədə Əcəmi Naxçıvaninin həyat və yaradıcılığı, memarlıq irsi, abidələrdə istifadə olunan ornament və kompozisiya xüsusiyyətləri haqqında məlumat verilib.
Bildirilib ki, Əcəminin yaratdığı memarlıq nümunələri Azərbaycan memarlıq tarixində mühüm yer tutur.
Naxçıvan Dövlət Universitetinin professoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli “Görkəmli memar Əcəmi Naxçıvani şəxsiyyəti və irsinə dövlət qayğısı” mövzusunda məruzə edib.
Məruzədə Əcəmi Naxçıvaninin Naxçıvan memarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olduğu vurğulanıb, Ümummilli Lider Heydər Əliyev tərəfindən tariximizə, mədəniyyətimizə göstərilən həssas münasibətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev “Əcəmi yaradıcılığındakı bəzi naxış motivlərinin tarixi kökləri” mövzusunda məruzə edib. Məruzədə Əcəmi memarlığı üçün xarakterik olan ornamentlər, astral naxışlar və meandr təsvirlərinin xüsusiyyətləri təhlil olunub.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli “Xaraba Gilan şəhər yerində Əcəmi yadigarı” mövzusunda məruzə edib. Tədqiqatçı Xaraba Gilan I Memorial Kompleksində yerləşən səkkizüzlü türbənin memarlıq xüsusiyyətlərini təhlil edərək Əcəmi irsi ilə bağlı elmi fikirlərini diqqətə çatdırıb.
Konfrans bölmə iclasları ilə davam edib.
Müxbir - Nail Əsgərov