Azərbaycan Memarlıq və İnşaat Universitetində diferensial əməkhaqqı sistemi tətbiq olunub
Bakı, 22 yanvar, AZƏRTAC
Təhsildə prioritet istiqamətləri müəyyənləşdirən “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi yönümündə mühüm işlərin görülməsinə əlverişli zəmin yaradıb. Universitetdə tətbiq olunan “Daxili qiymətləndirmə” layihəsi birbaşa bu prinsiplərə xidmət edir.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi mütəxəssislərin hazırlıq keyfiyyətini yüksəltmək və universitetin inkişaf prioritetlərinə müəllimlərin diqqətini cəlb edərək, onlara motivasiya verməklə potensiallarını bu istiqamətlərdə daha dolğun reallaşdırmaqdır. Eyni zamanda, müəllimlərə diferensial əməkhaqqı verməklə stimullaşdırıcı mexanizmləri təkmilləşdirmək və universitetdə sağlam rəqabəti formalaşdırmaq qarşıya qoyulan əsas məqsəddir.
Qiymətləndirmə sistemində təhsilverənin ilboyu pedaqoji, elmi-metodik işlərinin keyfiyyəti, beynəlxalq təhsil sisteminə inteqrasiyası, təhsildə müasir texnologiyaların tətbiqi və tələbələrin rəyi öz əksini tapır. Müəllimin kateqoriyası özü tərəfindən doldurulmuş attestasiya vərəqinin konkret göstəricilərinə və rəhbərlik tərəfindən verilən ballara uyğun olaraq müəyyənləşdirilir. Müəllimin kateqoriya üzrə mükafatlandırılması bir il müddətində aylıq əməkhaqqına edilən əlavələrlə icra olunur. Cari tədris ili üçün universitetin elmi şurasının təqdimatı ilə kateqoriyaların verilməsi rektorun əmri əsasında təsdiq olunur.
Ötən il daxili qiymətləndirməyə cəlb olunan 53 müəllimdən 21-i A, B və C kateqoriyalarına daxil edilib.
Qeyd edək ki, AzMİU-da artıq bu, 3-cü daxili qiymətləndirmədir və gələcəkdə də davam edəcək. Layihə təhsil xidmətinin keyfiyyətinin təkmilləşməsinə əlavə təkan olacaq.