ELM VƏ TƏHSİL
Azərbaycan Memarlıq və İnşaat Universitetində “Qafqaz Albaniyasının memarlıq irsi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Bakı, 10 aprel (AZƏRTAC). Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, görkəmli alim Davud Axundovun anadan olmasının 95 illiyinə həsr olunmuş “Qafqaz Albaniyasının memarlıq irsi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda AMİU-nun rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova görkəmli alim, uzun illər universitetin tanınmış pedaqoqlarından olmuş Davud Axundovun zəngin həyat və fəaliyyətindən söhbət açmışdır. Bildirmişdir ki, 1918-ci ildə Bakı şəhərində anadan olmuş D. Axundov 1942-ci ildən etibarən layihəçi memar kimi yaradıcılıq fəaliyyətinə başlamışdır. 1970-ci ildə o, İnşaat Mühəndisləri İnstitutunun memarlıq konstruksiyaları kafedrasının müdiri vəzifəsinə seçilərək ömrünün sonunadək 33 il bu kafedraya rəhbərlik etmişdir. Memarlıq irsimizə maraq D.Axundovu xalqımızın qədim tarixinin dərindən öyrənməyə, arxeoloji qazıntıların tapıntılarına memar düşüncəsi və məntiqi ilə yanaşmağa sövq etmişdir. Qeyd edilmişdir ki, Qobustan qayalarının qədim rəsmləri, Naxçıvanın qədim qala şəhərləri, antik Qəbələnin ictimai dini tikililəri və nəhayət Qafqaz Albaniyasının məbədləri alimin elmi tədqiqatlarının mövzusuna çevrilərək memarlıq elmimizə daxil edilmiş və bir çox alimlərin gələcək axtarışlarının əsasını təşkil etmişdir. Azərbaycan memarlığının qədim köklərinin aşkar edilməsi, bir çox memarlıq abidələrimizin, həmçinin xristian dini abidələrinin məhz Azərbaycan xalqına məxsus olmasının sübuta yetirilməsi D. Axundovun memarlıq elmimizin inkişafına böyük töhfəsidir.
“Qafqaz Albaniyasının memarlıq irsi” mövzusunda elmi-praktik konfransın plenar iclasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri İlyas Babayevin “Qafqaz Albaniyasının paytaxt şəhəri Qəbələnin müdafiə tikililəri və ictimai binaları”, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Asim Usubəliyevin “Memarlıq abidələrinin bərpası, mühafizəsi və səmərəli idarə edilməsi” mövzularında məruzələri dinlənilmişdir.
Sonra konfrans işini müxtəlif bölmələr üzrə davam etdirmişdir.