AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI HEYDƏR ƏLİYEVİN BÖYÜK YADİGARIDIR
AZƏRTAC xəbər verir ki, aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin iclas salonunda ulu öndərimizin 85 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Şərq” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə institutun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva ümummilli liderimizin daxili və xarici siyasətinin uğurlarını diqqətə çatdırmışdır. Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin, eləcə də onun daxili və xarici siyasət konsepsiyasının banisi olduğunu deyən natiq vurğulamışdır ki, ulu öndərimiz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı ilk illərdən dövlətimizin xarici siyasət kursunu, prinsiplərini zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Heydər Əliyev nitq və çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycanın tarazlı, hərtərəfli ölçülüb-biçilmiş xarici siyasəti olmalıdır. Bu siyasət ölkəmizin müstəqilliyini bir daha təsdiq və təmin etməli, onun dünyada geniş tanınmasına yol açmalı, sülhpərvər siyasət olmalıdır. Beynəlxalq hüquqa, demokratik prinsiplərə əsaslanmalıdır. H.Əliyevin Prezidentliyi dövründə qısa müddətdə ölkəmizi 140-dan artıq ölkə tanımışdır. Bu gün dövlətimizin dünyanın bir çox aparıcı dövlətlərində səfirliklərimiz fəaliyyət göstərir. Onların sayı ildən-ilə artmaqdadır. Hazırda Azərbaycan dünyanın bir sıra nüfuzlu beynəlxalq qurumlarının üzvüdür. Dövlətimizin balanslaşdırılmış siyasəti nəticəsındə bu gün o, Şimalla-Cənub, Şərqlə-Qərb arasında körpü rolunu oynayır.
Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov konfransda çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşmüşdür. Bildirmişdir ki, akademiyanın bütün institutlarında ulu öndərimizin 85 illiyi ilə əlaqədar elmi konfranslar keçirilir. Amma bugünkü konfrans özünün geniş və əhatəli mövzusu ilə fərqlidir. Əgər bu gün akademiya mövcuddursa, o, Heydər Əliyevin xidmətidir. Akademiya bizə Heydər Əliyevin böyük yadigarıdır.
Tədbirdə institutun əməkdaşları - filologiya elmləri namizədi Xatirə Quliyeva-Qafqazlı “H.Əliyevin xarici siyasət konsepsiyasında Türkiyə”, İsmayıl Əsədov “H.Əliyev və ərəb ölkələri”, tarix elmləri namizədi Vidadi Mustafayev “H.Əliyevin Şərq siyasətində İran” mövzularında məruzə etmişlər.
Maraqla qarşılanan məruzə və çıxışlarda ulu öndərimizin xarici siyasətinin müxtəlif məqamları və istiqamətləri ətraflı təhlil olunmuşdur.