MƏDƏNİYYƏT
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Türk Dünyası Muzeyləri Toplantısına qatılıb
![](/files/galleryphoto/2022/2/1200x630/16540027611484911661_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540027615561325988_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540027616525649120_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540027612161710820_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654002761126834314_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540027611434954134_1200x630.jpg)
Bakı, 31 may, AZƏRTAC
Türk dünyasının mədəniyyət paytaxtı Bursada “Türk dünyası muzeylərində qeyri-maddi mədəni irs” mövzusunda toplantı keçirilib.
Azərbaycan Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, türk dünyası ölkələri arasında qarşılıqlı əlaqələri genişləndirmək, məlumat və təcrübə mübadiləsini, əməkdaşlığı təmin etmək məqsədilə hər il fərqli ölkədə təşkil olunan Türk Dünyası Muzeyləri Toplantısına Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova da qatılıb.
Şirin Məlikova “Azərbaycan Milli Xalça Muzeyində türk dünyasının mədəni irsi olan xalçaçılıq sənətinin yaşadılması və təbliği” mövzusunda məruzə ilə çıxış edib. O, bu genişmiqyaslı tədbirin türk xalqlarının bir-birinin tarixinə, mədəniyyətinə, adət-ənənələrinə daha dərindən bələd olması, yeni əməkdaşlıq əlaqələrinin qurulması, ortaq layihələrə imza atılması üçün böyük fürsət yaratdığını vurğulayıb. Şirin Məlikova TÜRKSOY Muzeylər Birliyinin növbəti toplantısının 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşa şəhərində keçiriləcəyini də vurğulayıb. Bunun çox böyük həyəcan və sevinc hissləri yaşatdığını dilə gətirib.
Türk Dünyası Muzeyləri Toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Cümhuriyyəti, Serbiya, Makedoniya, Macarıstandan, Əfqanıstan, İraq, Tuva və Tatarıstandan olan muzey mütəxəssisləri və rəhbərləri də mövzu ətrafında çıxışlar ediblər. Onlar Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO-nun Türkiyə Milli Komitəsinin və TÜRKSOY-un birgə təşkilatçılığı, Bursa Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə yüksək səviyyədə baş tutan tədbirin əhəmiyyətini xüsusi vurğulayıblar.