İDMAN
AZƏRBAYCAN MOK-UN PREZİDENTİ İLHAM ƏLİYEV MİLLİ OLİMPİYA KOMİTƏLƏRİ ASSOSİASİYASININ MALAYZİYADA KEÇİRİLƏN BAŞ MƏCLİSİNDƏ İŞTİRAK EDƏCƏKDİR
22-26-da Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) XIII Baş məclisi keçiriləcəkdir. Ölkəmizi bu mötəbər məclisdə Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə təmsil edəcəklər.
Respublika MOK-un mətbuat xidmətindən bildirmişlər ki, Milli Olimpiya Komitələri Assosiasiyasının Baş məclisində Afrika, Amerika, Asiya, Avropa, Avstraliya və Okeaniya üzrə vitse-prezidentlərin, MOKA-nın baş katibinin, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya həmrəyliyi idarəsinin hesabatları dinləniləcəkdir. Eyni zamanda, dopinqə qarşı mübarizə məsələləri, MOKA komissiyalarının təqdim etdiyi hesabatlar, milli olimpiya komitələrinin dövlət təşkilatları və milli federasiyalarla əlaqələri barədə geniş müzakirələr aparılacaqdır. Gündəliyə Olimpiya oyunlarını əlaqələndirmə komissiyasının Solt Leyk Siti, Afina - 2004, Turin -2006 və Pekin 2008 oyunları üzrə məlumatları və digər məsələlər də daxil edilmişdir.
Baş məclisdə Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rananın hesabatı dinləniləcəkdir.
Mayın 25-də Milli Olimpiya Komitələri Assosiasiyasının İcraiyyə Komitəsi ilə milli olimpiya komitələri rəhbərlərinin birgə iclası olacaqdır.
MOKA-nın baş katibi Feliçiano Mayoral MOK-lara göndərdiyi məktubda bildirmişdir ki, Meksika Milli Olimpiya Komitəsi Mario Vaskes Rananın yenidən MOKA prezidentliyə namizədliyini irəli sürməyi qərara almışdır. O, MOKA-nın yarandığı vaxtdan - 1979-cu ildən bu qurumun prezidentidir. Eyni zamanda, 1974-cü ildən Panamerika idman təşkilatının prezidenti vəzifəsini daşıyır.
Baş məclisdə MOKA-nın mükafatının təqdim edilməsi mərasimi də olacaqdır. Xatırladaq ki, Milli Olimpiya Komitələri Assosiasiyasının 1997-ci ildə Reykyavikdə keçirilən Baş məclisi Azərbaycan Prezidenti Heydər Əliyevi olimpiya hərəkatının və idmanın inkişafında xidmətlərinə görə görkəmli dövlət xadimlərinə təqdim olunan “Olimpiya ləyaqəti” mükafatına layiq görmüşdür.