SİYASƏT
Azərbaycan nümayəndə heyəti üzvlərinin Kaliforniyanın nüfuzlu “VOICE” jurnalında müsahibələri dərc edilmişdir
Bakı, 10 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, cari ilin martında Amerika Birləşmiş Ştatlarına səfər etmiş Azərbaycan nümayəndə heyəti Kaliforniya ştatı Senatının və Beynəlxalq Əlaqələr Fondunun qonağı olmuşdur.
AZƏRTAC xəbər verir ki, Şimali Kaliforniyada ən çox oxunan nüfuzlu “VOICE” jurnalının aprel nömrəsində nümayəndə heyəti üzvlərinin müsahibələri dərc edilmişdir.
“Azərbaycanın nümayəndə heyəti ABŞ və İsrail ilə dostluq ifadə etmişdir” sərlövhəli müsahibələrdə Azərbaycan Milli Məclisinin deputatı, professor Səməd Seyidov bildirmişdir ki, Azərbaycanla İsrail arasında təhsil, ticarət və siyasi sahədə mövcud olan sıx əlaqələr hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir. Yəhudi mədəniyyəti bizim milli irsimizin bir hissəsidir, çünki əsrlər boyu yaxşı və çətin günlərdə yəhudilər bizimlə birlikdə olmuşlar.
S.Seyidov İsrail Prezidenti Şimon Peresin Azərbaycana səfərini, İsrail Mərkəzinin açılmasını xatırlatmışdır. “Mən həmişə yəhudi xalqına hörmət etmişəm, onlar da mənə hörmət etmişlər”.
Qeyd olunmuşdur ki, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra müstəqilliyini əldə etmiş Azərbaycan Rusiya və İran arasında yerləşən dünyəvi dövlətdir. Ölkədə bütün mədəniyyətlərə hörmət hissi ilə yanaşılır. Azərbaycanda 35 min yəhudi yaşayır. Onlar əsrlər boyu burada yaşamış və heç vaxt sıxışdırılmamışlar. Azərbaycanda 6 yeni sinaqoq tikilmişdir. Bunlardan biri bölgənin ən böyük sinaqoqdur.
Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə müsahibəsində demişdir ki, Avropada qırğınlar olanda yəhudilər Azərbaycana pənah gətirmişlər. Min ildən çoxdur ki, bizdə yəhudi icması var və bu, dünyada ən qədim yəhudi icmalarından biridir.
Azərbaycan İsrailin iqtisadi tərəfdaşıdır, ölkələrimiz arasında illik ticarətin dövriyyəsinin həcmi 4 milyard dollardır, İsrailin neft məhsullarına tələbatının 60 faizini Azərbaycan ödəyir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xalik Məmmədov müsahibəsində qeyd etmişdir ki, bizim əsas məqsədimiz yerli bazarları öyrənmək, investisiya mühitini araşdırmaqdır.
Müsahibənin sonunda S.Seyidov demişdir ki, Azərbaycan Kaliforniyadan çox uzaqdır, amma həm də yaxındır, çünki bizim demokratiyanı inkişaf etdirmək və daha dünyəvi dövlət olmaq istəyi kimi ortaq dəyərlərimiz vardır. Biz səylərimizi birləşdirməli və dünyaya kim olduğumuzu göstərməliyik.