MƏDƏNİYYƏT
Azərbaycan Opera və Balet Teatrının artistləri Beynəlxalq teatr məktəbində iştirak edəcəklər
Bakı, 18 aprel (AZƏRTAC). Mayın 29-dan iyunun 29-dək Moskvada Rusiya Teatr Xadimləri İttifaqının (RF TXİ) VI Beynəlxalq yay teatr məktəbi keçiriləcəkdir.
RF TXİ-nın bu təlim layihəsi sayəsində Rusiyanın, MDB-nin, Baltikyanı dövlətlərin və uzaq xarici ölkələrin aktyorları bir ay təlim keçəcək, yaradıcılıq mübadiləsi aparacaq, yeni teatr layihələri üzərində işləyəcəklər. Məktəbin bədii rəhbəri Rusiyanın Xalq Artisti Aleksandr Kalyagindir.
AZƏRTAC RF TXİ-nın yay məktəbinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təşkilatçılar məktəbdə iştirak etmək üçün 400-dən çox müraciət almışlar. Lakin layihədə yalnız 90 gənc artist iştirak edəcəkdir. Yay məktəbinin coğrafiyası genişdir: Azərbaycan, Belarus, Bolqarıstan, Yunanıstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Koreya, Qırğızıstan, Moldova, Monqolustan, Latviya, Litva, ABŞ, Türkmənistan, Özbəkistan, Ukrayna, Estoniya, Rusiya .
Azərbaycanı məktəbdə təmsil etmək üçün Azərbaycan Dövlət Opera və Balet Teatrının artistləri Kamilla Hüseynova və Fərid Əliyev dəvət almışlar.
Təlimlər başa çatdıqdan sonra tamaşaçılara 6 tamaşa, 6 tammiqyaslı teatr layihəsi təqdim olunacaqdır.
Bu il ilk dəfə Rusiyanın əməkdar incəsənət xadimi, B.Pokrovski adına Musiqili Kamera Teatrının quruluşçu rejissoru Olqa İvanovanın rəhbərliyi ilə opera tamaşası səhnələşdiriləcəkdir. Bundan əlavə, kukla teatrı layihəsi və plastik tamaşa üzərində iş aparılacaqdır. Bunun üçün Düsseldorfdan xoreoqraf Ulla Geyges dəvət olunacaqdır. İştirakçılar üçün ustad dərslərini Aleksandr Kalyagin, Valeri Fokin, Mixail Yefremov və Konstantin Boqomolov kimi məşhur səhnə ustaları keçəcəklər.
Layihə iştirakçılarını zəngin təlim proqramı - aktyor sənətkarlığı, səhnə danışığı, ritmika, səhnə hərəkətləri, qılıncoynatma, səhnə döyüşü, müasir rəqslər və s. gözləyir.