Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir - İqtisadçı ekspert
Bakı, 16 fevral, AZƏRTAC
Ötən ilin payızında Avropa İttifaqının (Aİ) ümumi maraq layihələrinin “Beşinci siyahısı” açıqlanıb. Buraya 20 qaz layihəsi daxildir. Onlardan üçü Azərbaycan qazı ilə bağlıdır. Bu, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB), Rumıniya-Macarıstan dəhlizində (ROHU/BRUA) klasterin tutumunun artırılması layihəsi və Bolqarıstan-Serbiya interkonnektorudur. Bu layihələr sözügedən bu ölkələrə Azərbaycan təbii qazına çıxış imkanı verəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli söyləyib.
Ekspert deyib: “2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi daha da artacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün deyə bilərik ki, 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edib. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün qazanclı vəziyyətdir. Çünki özünün enerji təhlükəsizliyini qorumaq üçün Avropaya təbii qaz lazımdır. Azərbaycanın isə özünün nəhəng enerji resurslarını ixrac etməsi üçün etibarlı bazara ehtiyacı var.
Rumıniya-Macarıstan qaz kəməri Azərbaycan qazını Türkiyə və Yunanıstan vasitəsilə Şərqi və gələcəkdə Qərbi Avropa ölkələrinə çatdıracaq. Bolqarıstan-Serbiya interkonnektorunun bu il istismara verilməsi planlaşdırılır. O, Serbiyanı Cənub Qaz Dəhlizi və digər mənbələrlə birləşdirəcək.
Azərbaycan qazının Rumıniyaya tədarükü bu ildən başlaya bilər. Bu, IGB-nin tikintisinin nə qədər tez başa çatmasından asılıdır. İnterkonnektor təhvil verildikdən sonra BRUA boru kəmərinə birləşdiriləcək. BRUA qaz kəməri Rumıniya-Bolqarıstan interkonnektoru ilə birlikdə Cənub Qaz Dəhlizi, Mərkəzi Avropa və Balkan ölkələrini əlaqələndirən mühüm halqadır”.
QHT sədri bildirib ki, Rusiyanın simasında bir təchizatçıdan tamamilə asılı olan Serbiya 2023-cü ilin sentyabrından Azərbaycandan təbii qaz almağa başlamağı planlaşdırır. Baş nazirin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviçin bir qədər əvvəl bildirdiyi kimi, qaz tədarükünü Serbiyanı Bolqarıstanla birləşdirəcək Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz kəməri sayəsində artırmaq mümkün olacaq. Onun başa çatdırılması gələn il üçün planlaşdırılır.
“Moldova, İsveçrə və Avstriya da Azərbaycan qazına böyük maraq göstərir. Cənub Qaz Dəhlizi artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İtaliyada dəfələrlə qeyd olunub ki, enerji qiymətlərinin kəskin artması nəticəsində yaranmış böhrandan ölkənin uğurla çıxmasına məhz Azərbaycan qazı kömək edib. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan İtaliyaya neft tədarükündə birinci, qaz tədarükündə isə üçüncü yerdədir. Gələcəkdə Albaniya, Monteneqro, Bosniya və Herseqovina və Xorvatiya istehlakçıları da TAP-ın şimal qoluna çevriləcək İon-Adriatik boru kəməri (2025-ci ildə istifadəyə verilməlidir) vasitəsilə Azərbaycan qazından istifadə edə biləcəklər”, - deyən ekspert vurğulayıb ki, Aİ Bakıya böyük ümidlərlə baxır. Azərbaycanın isə Avropaya qaz nəqlini artırmaq üçün kifayət qədər ehtiyatları var. Ölkəmizdə təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir ki, bu da kifayət qədər böyük həcmdir.