Azərbaycan Pakistanda Novruz bayramına həsr edilən tədbirdə təmsil olunub
İslamabad, 6 aprel, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyində keçirilən “Novruz bayramı-2018: Regional rifah üçün rabitə” adlı tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif, xarici işlər katibi Təhminə Cancua, xarici ölkələrin Pakistandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər Asiya qitəsinin qədim bayramlarından olan Novruzun insanlar arasında həmrəylik, mərhəmət və şəfqət duyğularının təcəssümü olduğunu, region xalqları arasında sülhün, mehribanlığın, qarşılıqlı anlaşmanın bərqərar olmasında çox mühüm rol oynadığını vurğulayıb, tədbirin təşkilatçılarına və iştirakçı ölkələrə təşəkkürlərini çatdırıblar.
Sonra tədbir iştirakçıları Novruz bayramının keçirildiyi ölkələrin sərgiləri ilə tanış olublar. Sərgidə hər bir səfirlik öz ölkəsinin mədəniyyətini, adət-ənənələrini, milli mətbəxini, iqtisadi inkişafını, tərəqqisini təbliğ edən müxtəlif çap məhsullarını nümayiş etdirib. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən suvenirlər, Novruzun yaranma tarixi, habelə ölkəmizin mədəni zənginliyi haqqında kitab və fotoşəkillər böyük maraqla izlənilib.
Azərbaycan pavilyonunda iştirakçılar milli mətbəximizin ləziz nümunələrinə, həmçinin şəkərbura, paxlava və qoğala qonaq ediliblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad