AZƏRBAYCAN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ BOLQARISTANDA VƏ STRASBURQDA SƏFƏRDƏ OLACAQDIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti mayın 19-dan 21-dək Bolqarıstanda rəsmi səfərdə olacaqdır.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədr müavini Elton Məmmədov, deputatlardan Ağacan Abıyev, Rauf Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov Bolqarıstan Prezidenti Georgi Pırvanov, parlamentin spikeri Georgi Pirinski, Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbəri Rəmzi Osman ilə görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin genişlənməsi, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqdır.
Nümayəndə heyətinin üzvləri ölkənin İqtisadiyyat və Energetika Nazirliyində də olacaq, Plovdiv şəhərinə səfər edəcəklər.
Mayın 22-25-də isə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Strasburqda işgüzar səfərdə olacaqdır. Burada O.Əsədov Avropa ölkələri parlament sədrlərinin konfransında iştirak edəcəkdir.
Konfransda “Parlamentlər və vətəndaş cəmiyyəti”, “Milli parlamentlər və Avropa Şurası: demokratiya, insan hüquqları və qanunun aliliyi prinsipinin əsas dəyərlərinin təbliği” mövzularında müzakirələr aparılacaqdır.
Konfrans çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Puçla, tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə görüşləri nəzərdə tutulmuşdur.
Səfər zamanı konfrans iştirakçıları müstəqil Azərbaycanın 28 May - Respublika gününə həsr edilmiş konsertdə iştirak edəcəklər.