SİYASƏT
Azərbaycan Prezidenti: Bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan ölkəmizin mövqeyi daha da güclənir
Bakı, 1 iyun, AZƏRTAC
Dünya neft və enerji sənayesinin inkişafında xüsusi mövqeyi ilə seçilən Azərbaycan həmçinin müxtəlif ölkələrdə genişmiqyaslı investisiya layihələri həyata keçirməkdədir. Bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan ölkəmizin mövqeyi daha da güclənir.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına məktubunda bildirilir.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir və xarici sərmayədarlar üçün də əlverişli şərait yaradır.
Regionda enerji təhlükəsizliyi, diversifikasiyası və “yaşıl enerji”yə keçidin sürətləndirilməsi üçün əməkdaşlığı daha da genişləndirməyə çağıran Prezident vurğulayıb ki, perspektivdə enerji təhlükəsizliyi sahəsində çağırışları uğurla qarşılamaq məqsədilə bu sahədə yeni texnologiyaların və rəqəmsal həllərin tətbiqi üstünlük təşkil etməlidir.
“Azərbaycan, uzun müddətdir, belə qlobal əhəmiyyətli tədbirə ev sahibliyi edir. İnanıram ki, özünün çoxillik təcrübəsi sayəsində sərgi və forumunuz aktual mövzulu dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcəkdir”, - deyə məktubda vurğulanır.