AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ TÜRKİYƏNİN ULUDAĞ UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADI VERİLMİŞDİR
Ölkəmizin Türkiyədəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Türkiyə Respublikasının ən böyük və nüfuzlu ali təhsil ocaqlarından biri olan, Bursa şəhərindəki Uludağ Universitetinin fəxri doktoru adı verilmişdir.
Universitetin rektoru, professor Mustafa Yurdquranın dövlətimizin başçısı Heydər Əliyevə göndərdiyi məktubda deyilir:
“Hörmətli cənab Prezident, Uludağ Universitetinin senatı dünyada siyasi və ideoloji dəyərlərin yenidən nəzərdən keçirildiyi bir dövrdə türkdilli digər respublikalara nümunə olan bir qətiyyətlə Azərbaycana rəhbərlik etdiyinizə, Qafqazda əmin-amanlığın qorunması sahəsindəki misilsiz xidmətlərinizə görə görkəmli dövlət xadimi kimi Zati-alinizin universitetimizin fəxri doktoru adına layiq görülməsi barədə yekdilliklə qərar qəbul etmişdir.
Cənab Prezident, lütfkarlıq göstərib bu adı qəbul etdiyiniz təqdirdə, Sizin üçün uyğun olan bir vaxtda Bursaya təşrif buyurmaqla bizə böyük şərəf verməyinizi səmimiyyətlə arzu edirik.
Böyük hörmət və ehtiramımızı qəbul etməyinizi rica edirik”.