RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALMANİYA NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Prezident sarayında Almaniya Federativ Respublikasının nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Almaniya nümayəndə heyətinin bu səfəri ölkələrimiz arasında inkişaf edən münasibətlərə yeni təkan verəcəkdir. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan-Almaniya əlaqələri siyasi, iqtisadi və digər sahələrdə sürətlə inkişaf edir. Almaniyaya iki il əvvəlki rəsmi səfərini məmnunluqla xatırladan Prezident İlham Əliyev o vaxtdan keçən dövr ərzində ikitərəfli əlaqələrin, xüsusilə iqtisadi əməkdaşlığın inkişafı sahəsində böyük işlər görüldüyünü söylədi.
Dövlətimizin başçısı dedi ki, münasibətlərimiz həm ikitərəfli müstəvidə, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələri çərçivəsində uğurla inkişaf edir. Hazırkı mərhələdə Azərbaycan Avropa İttifaqı ilə yeni anlaşmalar imzalayır və əminəm ki, bu sahədə gələcək əməkdaşlığımız uğurlu olacaqdır.
Prezident İlham Əliyev vurğuladı ki, ətraf mühitin qorunması sahəsində də Azərbaycanın böyük planları və proqramları var. Azərbaycan rəhbərliyi ekologiya məsələlərinə çox böyük əhəmiyyət verir. Dövlətimizin başçısı bildirdi ki, Almaniya nümayəndə heyətinin bu səfəri həm ikitərəfli münasibətlərin inkişafı, həm də ətraf mühitin qorunması sahəsində əməkdaşlıq baxımından faydalı olacaqdır.
Nümayəndə heyətinin adından çıxış edən Almaniyanın Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Reaktorlarının Təhlükəsizliyi Nazirliyinin dövlət katibi, parlamentin deputatı xanım Astrid Kluq dedi ki, artıq iki gündür Azərbaycandayıq və özümüz üçün çox maraqlı olan bir ölkəni kəşf etdik. Azərbaycan və Almaniyanı birləşdirən təkcə səmimi dostluq münasibətləri deyil, həm də müxtəlif istiqamətlərdə əməkdaşlıq, o cümlədən ətraf mühitin qorunması sahəsində geniş əlaqələr birləşdirir. İndiki səfərimiz də bu əməkdaşlığın təzahürüdür. Nümayəndə heyətimizə Bundestaqın deputatları, ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçiləri daxildir. Xanım Astrid Kluq xatırlatdı ki, Almaniyanın ekologiya ilə məşğul olan təşkilatları Azərbaycanla uğurlu əməkdaşlıq edir.