AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALMANİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ PER STANÇİNANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Prezident sarayında Almaniyanın ölkəmizdəki səfiri Per Stançinanı qəbul etmişdir.
Ölkələrimiz arasında ikitərəfli münasibətlər məsələsinə toxunan səfir Azərbaycan ilə iqtisadi əməkdaşlığın daha da genişlənməsi işinə Almaniyanın böyük önəm verdiyini bildirdi. Sonra o, Almaniyanın 30 ən böyük şirkəti sırasında ön yerlərdə gedən BASF şirkətinin Azərbaycanda fəaliyyət göstərmək niyyətini əks etdirən məktubu dövlətimizin başçısına təqdim etdi. Cənab Per Stançina Almaniya ilə Azərbaycan arasında siyasi, iqtisadi və digər əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluğunu bildirdi. İqtisadi əlaqələrimizin sürətlə genişləndiyini vurğulayan dövlətimizin başçısı Almaniyanın aparıcı şirkətlərinin ölkəmizdə həyata keçirilən iqtisadi layihələrə böyük maraq göstərməsini yüksək qiymətləndirdi və Azərbaycan hökumətinin bu şirkətlərin ölkəmizdə fəaliyyətinə hər cür kömək etməyə hazır olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan Almaniya əlaqələrinin inkişafının, eyni zamanda ölkəmizin Avropa Birliyi ilə də uğurlu əməkdaşlığının genişlənməsi işinə xidmət etdiyini vurğuladı. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirdi.