AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN BAKI OFİSİNİN RƏHBƏRİ MAURİSİO PAVESİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Prezident sarayında ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesini ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Azərbaycandakı fəaliyyətinə toxunan Maurisio Pavesi dedi: “Ölkənizdə fəaliyyətim dövründə mənimlə əməkdaşlığa görə Azərbaycan hökumətinə və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm. Son illər ərzində Azərbaycanla həyata keçirdiyimiz layihələri, demək olar ki, iki dəfə artırmışıq və bu, Azərbaycan hökumətinin bizimlə əməkdaşlığı nəticəsində mümkün olmuşdur. Hazırda deyə bilərəm ki, əlaqələrimiz çox uğurla inkişaf etir”. Azərbaycanın müxtəlif strukturları, o cümlədən ədliyyə və daxili işlər nazirlikləri ilə birgə layihələrin həyata keçirildiyini qeyd edən ATƏT-in Bakı ofisinin rəhbəri gələn il bu layihələrin reallaşdırılması üçün nəzərdə tutulmuş büdcənin artırılacağını vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan ilə ATƏT arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə Maurisio Pavesiyə təşəkkürünü bildirdi. ATƏT-in Azərbaycanın müxtəlif strukturları ilə həyata keçirdiyi layihələrin əhəmiyyətini xatırladan Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminliyini ifadə etdi.