AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVSTRİYA ALİ MƏHKƏMƏSİNİN SƏDRİ İOHANN JEŞUTU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Prezident sarayında Avstriya Respublikası Ali Məhkəməsinin sədri İohann Jeşutu qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Avstriya arasında müxtəlif sahələrdə münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycanın məhkəmə sisteminin Avropa standartlarına uyğunlaşdırılmasının ölkəmiz üçün vacib məsələ olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra bu sahədə müsbət irəliləyişlərin əldə edildiyini diqqətə çatdırdı. O, indiki səfərin iki ölkənin məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
İohann Jeşut Avstriyanın Avropa İttifaqına üzv olduqdan sonra məhkəmə sistemində həyata keçirdiyi islahatlara toxunaraq, bu prosesin əhəmiyyətini vurğuladı. Qonaq Azərbaycan və Avstriya məhkəmələri arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.