AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BEYNƏLXALQ VALYUTA FONDUNUN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Con Odlinq-Smi cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə Beynəlxalq Valyuta Fondunun rəhbərliyi adından təbrik etmiş və ölkədəki sabit iqtisadi durumdan məmnun olduğunu bildirmişdir. Digər müsbət bir hal kimi, Odlinq-Smi inflyasiyanın çox cüzi olmasını göstərmişdir. Beynəlxalq Valyuta Fondunun nümayəndəsi neft gəlirlərinin idarə olunmasını və bu gəlirlərin qeyri-neft sahəsinə düzgün xərclənməsini ölkə iqtisadiyyatının uğurlu inkişafı üçün gələcəkdə ən mühüm vəzifə kimi qiymətləndirmişdir.
Prezident İlham Əliyev Azərbaycanla Beynəlxalq Valyuta Fondu arasındakı əməkdaşlıqdan məmnun olduğunu, Neft Fondunun uğurla fəaliyyət göstərdiyini bildirərək qeyd etmişdir ki, yüksək iqtisadi göstəricilər və büdcə artımı gələcəkdə daha çox iqtisadi imkanlar üçün zəmin yaradır. Prezident Beynəlxalq Valyuta Fondunun nümayəndəsi ilə razılaşaraq demişdir ki, həqiqətən mühüm sahə olan qeyri-neft sahəsi onun daim diqqət mərkəzindədir. O, bütün iqtisadi göstəricilərin, ümumi daxili gəlirin artdığını və bu tendensiyanın gələcəkdə davam etdiriləcəyini bildirmişdir.
Görüşdə Azərbaycanla Beynəlxalq Valyuta Fondu arasında gələcək əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur.