AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV CENEVRƏYƏ YOLA DÜŞMÜŞDÜR
Prezident İlham Əliyev yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavab vermişdir.
SUAL: Cənab Prezident, ilk dəfədir ki, belə bir Sammit keçirilir. Bu Sammitin məramı, mahiyyəti barədə nə demək olar? Cenevrədə ikitərəfli görüşlər nəzərdə tutmusunuzmu?
CAVAB: Sammitdə yeni informasiya texnologiyaları müzakirə olunacaqdır. Bilirsiniz ki, bu, gələcək üçün çox vacib bir sahədir. Azərbaycan da bu istiqamətdə inkişaf edir, ölkəmizdə yeni texnologiyalar tətbiq olunur, irimiqyaslı beynəlxalq layihələr həyata keçirilir, onlar da öz növbəsində, yeni texnologiyaların tətbiq olunmasını tələb edir. Bu baxımdan, ümumiyyətlə, dünyanın gələcək inkişafı üçün Sammit böyük əhəmiyyət kəsb edir.
İkitərəfli görüşlər də gözlənilir, onlar da keçiriləcəkdir. Yəni, çalışacağam ki, bu Sammitdən səmərəli istifadə edim.
SUAL: Cənab Prezident, Azərbaycanın Cənubi Qafqaz və Orta Asiya regionunda liderliyi əldə saxlaması üçün görülən işlər Prezident kimi Sizi qane edirmi?
CAVAB: Mən hesab edirəm ki, Azərbaycan liderliyi saxlayacaqdır. Uzun illərdir ki, Azərbaycan regionda çox önəmli rol oynayır. Azərbaycan regionda aparıcı bir dövlətdir, öz mövqeyini möhkəmləndirir. Bütün irimiqyaslı beynəlxalq və regional layihələrdə də Azərbaycan aparıcı rol oynayır. Azərbaycanın rolu olmadan heç bir layihə həyata keçirilmir. Energetika sektorunda, eyni zamanda, nəqliyyat sektorunda da, gələcəkdə “Şimal-Cənub” nəqliyyat dəhlizində də Azərbaycan önəmli rol oynayacaqdır. Əlbəttə, Azərbaycan çalışacaqdır ki, yeni informasiya texnologiyaları sahəsində də öz mövqelərini möhkəmləndirsin. Bu, gələcək üçün lazımdır. Yeni nəsil üçün lazımdır. Azərbaycan əhalisinin böyük əksəriyyəti gənc insanlardan ibarətdir. Ölkəmiz müasirləşəcək, yeniləşəcək, yeni mərhələyə qədəm qoyacaqdır.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevi Bina hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər yola saldılar.