RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ƏSASLI ŞƏKİLDƏ YENİDƏN QURULMUŞ MİLLİ QƏHRƏMAN SAMİR XASIYEV ADINA PARKLA TANIŞ OLMUŞDUR
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də ailə üzvləri ilə birlikdə Nərimanov rayonundakı Milli Qəhrəman Samir Xasıyev adına parka gələrək, bu istirahət guşəsinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Bu, Bakı şəhərində parkların və xiyabanların əsaslı təmir və yenidən qurulması ilə bağlı dövlət başçısının tapşırıqlarına əsasən abadlaşdırılan növbəti parklardan biridir. Nərimanov rayonu sakinlərinin sevimli istirahət yeri olan parkda qısa vaxt ərzində gözəl şərait yaradılmışdır.
Prezident İlham Əliyevə parkda görülmüş işlər barədə ətraflı məlumat verildi. Bildirildi ki, bir hektar ərazini əhatə edən parkda yeni müasir fəvvarələr quraşdırılmış, asfalt örtüyü əvəzinə daş döşənmiş, müxtəlif hava şəraitinə davamlı materialdan hazırlanmış çoxlu oturacaq qoyulmuşdur. Ərazidə Hollandiyadan gətirilmiş müxtəlif gül və ağac kolları əkilmiş, çəmənlik salınmışdır. İşıqlandırma sistemində İtaliyadan gətirilmiş yüksək keyfiyyətli avadanlıqdan istifadə olunmuşdur.
Dövlətimizin başçısı parkda görülmüş əsaslı təmir və yenidənqurma işlərindən razı qalmışdır.
######