AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FRANSANIN ƏRAZİNİN ABADLAŞDIRILMASIMƏSƏLƏLƏRİ NAZİRİ KRİSTİAN ESTROZİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Prezident sarayında Fransanın ərazinin abadlaşdırılması məsələləri naziri Kristian Estrozini qəbul etmişdir.
Qonağın respublikamıza səfərinin ölkələrimizin əməkdaşlığının daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirən dövlətimizin başçısı Fransa ilə Azərbaycan arasında səmərəli, işgüzar münasibətlərin olduğunu vurğuladı. Azərbaycanda çoxlu sayda Fransa şirkətlərinin fəaliyyət göstərdiyini və sərmayələr gətirdiyini xatırladan Prezident İlham Əliyev Fransanın aparıcı şirkətlərinin təmsilçilərindən ibarət böyük bir nümayəndə heyətinin bu günlərdə Bakıya səfər etdiyini bildirərək dedi ki, bu, Fransanın ölkəmizə olan böyük marağını göstərir.
Son illər Fransaya çoxsaylı səfərlər etdiyini bildirən dövlətimizin başçısı Fransa nümayəndə heyətlərinin respublikamıza səfərindən məmnunluğunu vurğulayaraq dedi ki, sizin səfəriniz ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsində böyük rol oynayacaqdır.
Azərbaycan-Fransa əlaqələrinin son illər ərzində durmadan inkişaf etdiyini söyləyən Kristian Estrozi bu əlaqələrin daha da genişlənməsi üçün böyük potensial olduğunu nəzərə çarpdırdı. Fransanın iş adamlarından ibarət böyük bir heyətin bu yaxınlarda Azərbaycana səfər etməsindən xəbəri olduğunu bildirən qonaq dedi ki, bu, Fransa iş adamlarının Azərbaycana böyük maraq göstərdiyini bir daha nümayiş etdirir. Əminik ki, müxtəlif sahələrdə əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcəkdir.