AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTAN BAŞ NAZİRİNİN MÜAVİNİ GEORGİ BARAMİDZENİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 27-də Bled şəhərinin “Golf” mehmanxanasında Gürcüstan Baş nazirinin müavini, Avropa və Avratlantik strukturlarına inteqrasiya məsələləri üzrə dövlət naziri Georgi Baramidzeni qəbul etmişdir.
Georgi Baramidze Azərbaycan Prezidenti ilə görüşməyindən şərəf duyduğunu söylədi, enerji qıtlığı ilə əlaqədar ölkəsinin problemlərlə üzləşdiyi bir vaxtda Azərbaycanın göstərdiyi qardaşlıq yardımını gürcü xalqının heç vaxt unutmayacağını vurğuladı və bütün bunlara görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Azərbaycan və Gürcüstanın dost və qardaş ölkələr olduğunu vurğulayaraq dedi ki, bizi birləşdirən ümumi dəyərlər və məqsədlər vardır. Həyata keçirilən birgə layihələr regionda əməkdaşlığımızın daha da genişləndirilməsinə xidmət edir. Dövlətimizin başçısı Sloveniyada keçirilən forumu Azərbaycan və Gürcüstanın Avropa ilə əməkdaşlığa göstərdiyi marağın daha bir nümunəsi kimi səciyyələndirdi.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıldı.