AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTANIN BAŞ NAZİRİ ZURAB NOĞAİDELİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Prezident sarayında Gürcüstanın Baş naziri Zurab Noğaidelini qəbul etmişdir.
Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının bu yaxınlarda Minskdə keçirilən sammitində Gürcüstan Prezidenti ilə görüşünü xatırlatdı və ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə dair fikir mübadiləsi apardıqlarını vurğuladı.
Prezident İlham Əliyev dedi ki, Gürcüstan Baş nazirinin respublikamıza səfəri hazırkı mərhələdə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaradacaqdır. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Azərbaycan-Gürcüstan əlaqələri bundan sonra da inkişaf edəcəkdir.
Hər dəfə Bakıya səfərə gələndə, hətta son səfərindən qısa müddət keçməsinə baxmayaraq, Azərbaycandakı böyük inkişafın şahidi olduğunu söyləyən Gürcüstanın Baş naziri dedi ki, Azərbaycanın iqtisadiyyatının belə dinamikası, iqtisadi artım sürətinə görə dünyada liderlik etməsi bizi də sevindirir. Bu böyük uğurlara görə dövlətimizin başçısını təbrik edən cənab Zurab Noğaideli əmin olduğunu bildirdi ki, ölkələrimiz arasındakı əlaqələr daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.